CƏMİYYƏT
Ombudsmanın fəaliyyətində gender məsələləri və qadın hüquqlarının müdafiəsi prioritet xarakter daşıyır
Bakı, 6 fevral, AZƏRTAC
Ombudsman Aparatının əməkdaşları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə gender bərabərliyi mövzusunda keçirilmiş təlim kursunda iştirak ediblər.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim çərçivəsində gender əlifbası, gender bərabərliyinin təmin olunması, qadın hüquqlarının müdafiəsi, milli qanunvericilikdə gender məsələləri və qadın hüquqları, beynəlxalq sənədlərdə gender və s. mövzularda təqdimatlar olub, qrup işləri aparılıb və nəticələr müzakirə olunub. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətində gender məsələləri və qadın hüquqlarının müdafiəsi prioritet xarakter daşıyır. Ombudsman bu sahədə işini Pekin Fəaliyyət Platformasının 12 istiqaməti üzrə aparır.
Tədbirdə qeyd edilib ki, bu cür təlimlərin keçirilməsi kişi və qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanların yaradılmasının əhəmiyyətinin diqqətə çatdırılması baxımından önəmlidir.
Sonda təlim iştirakçıları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sertifikatla təltif olunublar.