İQTİSADİYYAT
On ayda paytaxt əhalisinə 4,2 milyard manatlıq ödənişli xidmət göstərilib
Bakı, 1 dekabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 4 milyard 279,2 milyon manat olub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 663,9 milyon manatlıq xidmət göstərilib, bu da xidmətin ümumi dəyərinin 62,3 faizini təşkil edib.
Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5 faiz artaraq 3 milyard 428,8 milyon manat olub.
On ayda hər bir şəhər sakini orta hesabla ayda 173,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 6,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.