İQTİSADİYYAT
On bankın qorunan əmanətçilərinə 590 milyon 131 min manatdan artıq kompensasiya ödənilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu tərəfindən oktyabrın 24-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 883 min manat, “Zaminbank”ın əmanətçilərinə 51 milyon 022 min manat, “Kredobank”ın əmanətçilərinə 23 milyon 075 min manat və “Dekabank”ın əmanətçilərinə 2 milyon 858 min manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 109 milyon 838 min manatdan artıqdır.
Eyni zamanda, “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 15 milyon 986 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 110 min manatı “Atrabank”ın, 1 milyon 876 min manatı “Qafqaz İnkişaf Bankı”nın payına düşür.
“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank”ın əmanətçilərinə 969 min manat, “Texnikabank”ın əmanətçilərinə isə 119 milyon 978 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 038 min manatdan çoxdur.
Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu “Bank Standard” Kommersiya Bankının qorunan əmanətçilərinə 319 milyon 269 min manatdan artıq kompensasiya ödəyib.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 590 milyon 131 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.