REGİONLAR
On yaşında məcburən çıxarıldığı Füzuliyə 37 yaşında tankla qayıtdı VİDEO
Füzuli, 22 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Bu gün Vətən müharibəsi şəhidi Bəhruz İbrahimovun doğum günüdür. Bəhruz yaşasaydı 38 yaşını üç övladı və həyat yoldaşı ilə birlikdə qeyd edəcəkdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İbrahimov Bəhruz Fazil oğlu 1983-ci il iyun ayının 22-də Füzuli rayonunun Gövşadlı kəndində anadan olub. Erməni vəhşiliyi nəticəsində on yaşında ailəsi ilə birlikdə doğma ata yurdundan məcburi köçkün düşüb.
Şəhid qardaşı Mübariz İbrahimov deyir ki, uzun illərdir doğma yurdlarına qayıdacaqları günü gözləyiblər. Bəhruz da bu arzu ilə yaşayıb: “Uşaq yaşlarından erməni vandalizmini görmüşdü, ona görə də hərbçi olmağa qərar verdi. Həqiqi hərbi xidməti bitirdikdən sonra ailə quran Bəhruz daha sonra müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayandı. O, 10 yaşında ayaqyalın çıxdığı Füzuliyə qəhrəman hərbçi kimi tank üstündə qayıtdı. Doğma rayonumuzun azad edilməsində böyük şücaət göstərdi”.
Şəhidin həyat yoldaşı Aygün Fərhadova söyləyir ki, ömrünün 14 ilini Vətənə xidmət edən Bəhruz peşəkar hərbçi idi. Sağlığında fəxri fərmanlarla və qüsursuz xidmətə görə bir neçə medalla təltif edilib. Ailəcanlı və torpağına bağlı idi.
“Bəhruzun ilk döyüş yolu Aprel zəfərindən başladı. Dörd günlük döyüşlərdə Bəhruz və yoldaşları Lələtəpə istiqamətində düşmən üzərində qələbə qazandılar. Vətən müharibəsində isə tankçı kimi döyüşlərə atıldı. Düşmənin Füzuli istiqamətində qurduğu maneələrin yarılmasında böyük şücaət göstərdi. Füzuli istiqamətində kəndlərimizin azad edilməsi uğrunda döyüşlərdə düşmənə, sözün əsl mənasında, cəhənnəmi yaşadıb. Daha sonra Cəbrayıl istiqamətində gedən döyüşlərə qatılıb, düşmənin xeyli texnika və canlı qüvvəsinin məhv edib. Sonuncu döyüşündə yaralı yoldaşlarına kömək etmək üçün tankın kabinəsindən çıxarkən snayperlə vurulub”, - deyə Aygün Fərhadova əlavə edib.
Bəhruzun sonuncu danışığı övladı Farizlə olub. Ona ata nəsihəti verərək, dərslərini yaxşı oxumağı, Vətənə layiqli övlad kimi yetişməyi tövsiyə edib. “Atam qəhrəman kimi daim qəlblərdə yaşayacaq. Hər zaman deyirdi ki, torpaqlarımızı düşməndən azad edəcəyik və gələcək nəsillər firavan yaşayacaq. Axırıncı dəfə danışanda da bizdən bir istəyi oldu - hər zaman dərslərinizi yaxşı oxuyun, Vətənə, xalqa xeyirli övlad kimi yetişin”.
Şəhidin indi cənnətdəki doğum günü onun məzarı yanında qeyd edilir. Hər zaman doğum günündə əzizlərinin yanında olmağa tələsən Bəhruzun ailəsi onun görüşünə əlində gül çələngi ilə gəlir.
Bəhruz İbrahimov Vətən müharibəsində göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.