SİYASƏT
Ötən 22 ildə şərəfli yol keçən YAP möhtəşəm siyasi, iqtisadi uğurlara imza atıb
Bakı, 21 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü ilə əlaqədar noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində tədbir keçirilib.
Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi səhnəsində mühüm əhəmiyyətə malik, güclü siyasi təşkilat olduğunu söyləyib.
Bildirilib ki, partiyanın üzvləri sırasına dövlət xadimləri, ziyalılar, tanınmış insanlarla yanaşı, respublikanın fəal, aparıcı gəncləri də daxildir və bu gün onlar YAP-a öz töhfələrini verməkdədirlər.
YAP-ın yaranma tarixindən danışan B.Əsgərov partiyanın 1992-ci il noyabrın 21-də, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə meydana gəldiyini bildirib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində böyük işlər görüb. Partiyanın yaranmasından bir il sonra - 1993-cü ilin oktyabrında Heydər Əliyevin böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilməsi xalqımızın Yeni Azərbaycan Partiyası ətrafında necə sıx birləşməsinin və Ulu Öndərə məhəbbətinin əyani təzahürü idi. Heydər Əliyev Prezident seçildikdən sonra YAP-ın həyatında yeni bir mərhələ başlandı, partiyanın statusu yeniləndi, iqtidar partiyası kimi ölkənin siyasi həyatında tutduğu mövqeyini daha da möhkəmləndirdi. YAP böyük siyasi gücə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir.
Diqqətə çatdırılıb ki, hazırda dünyanın inkişaf etmiş, demokratik prinsiplərinə sadiq, hüquqi dövlətlər sırasında mühüm yeri olan Azərbaycanın müstəqilliyinin qorunmasında və inkişaf etdirilməsində YAP-ın xidmətləri danılmazdır. YAP Azərbaycan dövləti ilə paralel fəaliyyət göstərib, inkişaf edib. Bu baxımdan da əldə olunan bütün nailiyyətləri həm də partiyanın uğurları kimi qeyd etmək lazımdır. Beləliklə, ötən 22 il ərzində şərəfli yol keçən YAP möhtəşəm siyasi, iqtisadi uğurlara imza atıb.
Bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə bütövlükdə ölkəmizdə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanda həyata keçirilən işlər, YAP-ın uğurlu fəaliyyəti bir daha bu partiyanın dünənin, bu günün və gələcəyin partiyası olaraq xalqın böyük inamı ilə respublikamızın ərazi bütövlüyünün bərpasında, xalqımızın mənafeyinin qorunmasında, hüquqi dövlət və azərbaycançılıq ideyasını tərənnüm edən milli birliyin yaranmasında nə qədər böyük rolunun olduğunu bir daha göstərir.