İQTİSADİYYAT
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 2200-dən çox müraciət daxil olub
Bakı, 4 mart, AZƏRTAC
Fevral ayı ərzində İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı mərkəzinə 2221 müraciət daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin, investisiya təşviqi və təsdiqedici sənədlərin, lisenziyaların verilməsi, pandemiyadan zərərçəkən sahibkarlara dövlət dəstəyinin göstərilməsi, həmçinin qurumun səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Çağrı mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.
Qeyd edək ki, 195-2 Çağrı mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.