CƏMİYYƏT
Ötən il 2400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib
Bakı, 29 yanvar, AZƏRTAC
Özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edən vətəndaşlar arasında həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.
2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2400-ə yaxın əlilliyi olan şəxs kiçik ailə təsərrüfatlarını qurmaq üçün potensialları nəzərə alınmaqla həmin proqrama cəlb edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk mərhələdə onlar üçün təlim kursları təşkil edilib və kiçik biznesin qurulmasına dair zəruri bilik və bacarıqlar öyrədilib. Kursları bitirərək biznes-planlarını müdafiə etdikdən sonra isə mal və materiallar formasında aktivlərlə təmin ediliblər.
Əlavə olaraq, daha 500 nəfər əlilliyi olan şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində dayanıqlı biznesə sahib olmaları üçün işlər aparılıb.