REGİONLAR


Ötən il Şəkidə arıçılara 191 min manatdan çox subsidiya ödənilib

Şəki, 21 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunda 556 təsərrüfatçı arıçılıqla məşğul olur. Hazırda rayonun arıçılıq təsərrüfatlarında 19 min 102 arı ailəsi var. Arıçılığın inkişafına göstərilən dövlət dəstəyinin nəticəsidir ki, 2021-ci ildə rayonda arıçılıq təsərrüfatlarının sayı əvvəlki illə müqayisədə 18 təsərrüfat, arı ailələrinin sayı isə 329 ailə artıb. Ötən il rayonda 190 tonadək bal istehsal olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

Qurum rəsmisi bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, 2021-ci ildə Şəki rayonunda arıçılıqla məşğul olan 556 arıçıya saxladıqları 19 min 102 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 191 min 20 manat subsidiya ödənilib.

Sektor müdiri bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, kənd təsərrüfatının ənənəvi sahələrindən olan arıçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, kənd əhalisinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri işlər həyata keçirilməkdədir.

“Arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığının yüksəldilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması hədəf seçilib. Azərbaycanda nektar verən bitki örtüyünün böyük hissəsi dağlıq rayonların payına düşdüyünü nəzərə alsaq, Şəki rayonunda da bu sahədə böyük potensialın olduğunu qeyd etmək olar. Hər il arıçılıq məhsullarının sərgi-satış yarmarkaları keçirilir ki, bu da arıçıların maddi imkanlarının yaxşılaşmasına şərait yaradır”,- deyə N.Rəcəbov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.