REGİONLAR
Ötən il muxtar respublikada 665 daşınmaz əmlak obyektinə ünvan verilib
Naxçıvan, 14 yanvar, AZƏRTAC
Muxtar respublikada torpaqların elektron uçotunun aparılması və təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin olunması 2018-ci ildə də diqqət mərkəzində saxlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında bəhs olunub.
İclasda komitənin sədri Müslüm Cabbarzadə çıxış edərək bildirib ki, Dövlət proqramına uyğun olaraq ünvan lövhələri və giriş nömrə nişanlarının quraşdırılması üçün Naxçıvan şəhərinin Heydər Əliyev prospektində və 26 küçədə ünvanların yenidən dəqiqləşdirilməsi işləri aparılıb, aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb.
Qeyd olunub ki, ötən il əkin dövriyyəsinə daxil olan torpaqların tərkibinin öyrənilməsi, torpaqların və əkinlərin rayonlaşdırılması da diqqətdə saxlanılıb. Torpaqların qida maddələri ilə təminolunma kartoqramlarının hazırlanması işləri davam etdirilib, muxtar respublikanın rayonlarındakı 28 bələdiyyənin yeni kartoqramları hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Bununla yanaşı, torpaq sahələrinin konturlarının dəqiqləşdirilməsi aparılıb, topoqrafik elementlərin, mühəndis-kommunikasiya xətləri və qurğularının, xüsusi qorunan ərazilərin, hidroqrafiya elementlərinin sərhədləri müəyyənləşdirilib. 2018-ci ildə muxtar respublika üzrə 20 min 591 daşınmaz əmlak obyekti plana alınıb.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası məqsədilə Ağbulaq kəndində planaalma işləri aparılıb, 157 daşınmaz əmlak obyekti plana alınıb. Tikililərin kütləvi inventarizasiyasının aparılması və pasportlaşdırılması üçün ölçmə işləri başa çatdırılıb. Eyni zamanda, Komitənin səyyar xidmət qrupu tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və texniki sənədlərin hazırlanmasına başlanılıb”, – deyən Müslüm Cabbarzadə vurğulayıb ki, 2018-ci ildə muxtar respublika üzrə 2368 torpaq sahəsi, 48 qeyri-yaşayış binası, 59 qeyri-yaşayış sahəsi, 914 mənzil, 1978 fərdi yaşayış evi, 21 əmlak kompleksi olmaqla, 5388 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Əvvəlki illə müqayisədə dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərinin sayı 7,3 faiz artıb. Daxil olmuş müraciətlər əsasında 4056 texniki sənəd hazırlanıb. 5206 texniki sənədin parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə daxil edilib. Ümumilikdə, 2018-ci ildə muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 665 daşınmaz əmlak obyektinə ünvan verilib.
Sonra məruzə ətrafında müzakirələr olub.