İQTİSADİYYAT
Ötən il turizm sektoru üzrə 11 sahibkarlıq subyektinə 3 milyon manat güzəştli kredit verilib
Bakı, 1 may, AZƏRTAC
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən turizm sektoru üzrə ötən il 11 sahibkarlıq subyektinə 3 milyon 85 min manat güzəştli kredit vəsaiti ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
“Bu sahədə aparılan islahatların nəticəsi olaraq, 2017-ci ildə ölkəmizə gələn turistlərin sayı 2016-cı illə müqayisədə 20 faiz artaraq 2,5 milyon nəfər olub. Artım dinamikası 2018-ci ildə də müşahidə edilib. Belə ki, keçən il ölkəmizə 196 ölkədən 2,8 milyondan çox əcnəbi şəxs gəlib ki, bu da 2017-ci illə müqayisədə 5,7 faiz artım deməkdir”, - deyə V.Qasımlı bildirib.
O qeyd edib ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində “tax free”, “e-Viza”, Azərbaycan Turizm Bürosu, ölkənin brendi, loqosu və sloqanı, turizmin marketinq strategiyası, turizm sərgilərində turoperatorların iştirakı, xaricdə Azərbaycan Turizm Agentliyinin nümayəndəliklərinin yaradılması, Bakıda ilk dəfə Ticarət Festivalı və turizm təqvimi kimi tədbirlər həyata keçirilib.