DÜNYA
Ötən sutka ərzində dünyada koronavirusdan rekord ölüm faktı qeydə alınıb
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 11-də dünyada COVID-19 infeksiyası səbəbindən rekord sayda – 10 min 184 nəfər həyatını itirib, 613 min 835 yeni yoluxma qeydə alınıb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, son məlumata əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 52 milyon 516 min 397 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 290 min 976 nəfərə çatıb. Eyni zamanda, 36 milyon 725 min 824 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 14 milyon 499 min 597 xəstədən 95 min 45 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 10 milyon 708 mini ötüb. Hindistanda 8 milyon 684 min, Braziliyada 5 milyon 749 min, Fransada 1 milyon 865 min, Rusiyada 1 milyon 858 min yoluxma qeydə alınıb.
Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 247 min 398 nəfər. İlk beşliyə daxil olan Braziliyada 163 min 406, Hindistanda 128 min 165, Meksikada 96 min 430, Böyük Britaniyada isə 50 min 365 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.
Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.