CƏMİYYƏT
Övladı dünyaya gələn şəhidin ailəsinə səyyar xidmət göstərilib
Bakı, 1 dekabr, AZƏRTAC
DOST Agentliyi tərəfindən şəhid Qocayev Vadim Alik oğlunun ailəsinə səyyar xidmət göstərilib. Xidmət 4 saylı Bakı DOST Mərkəzi tərəfindən həyata keçirilib. Bu məqsədlə mərkəzin əməkdaşları Vadim Qocayevin ailəsini ziyarət ediblər.
DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, səyyar xidmət çərçivəsində şəhidin anası Xalidə Qocayeva və həyat yoldaşı Ayşən Qocayevaya şəhid ailəsi üzvü vəsiqəsi təqdim edilib. Bununla yanaşı, DOST əməkdaşları şəhidin bu yaxınlarda övladının dünyaya gəlməsi münasibətilə həyat yoldaşını və anasını təbrik ediblər.
Görüşdə şəhidin şərəfli döyüş yolundan bəhs olunub, xatirəsi anılıb. Mərkəzinin direktoru Elvin Bayramov dövlət tərəfindən şəhid ailələri ilə əlaqədar həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirləri barədə məlumat verib.
Şəhid Vadim Qocayevin ailə üzvləri göstərilən xidmət və ziyarət üçün təşəkkür ediblər və dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını bildiriblər.
Qeyd edək ki, Vadim Qocayev Vətən müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib, "İgidliyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. Vadim Qocayev Ermənistan silahlı qüvvələrinin bu il sentyabrın 12-14-də törətdiyi hərbi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalıb. Onun bir yaşlı qızı və yeni dünyaya gələn oğlu var.