SİYASƏT
Özbəkistan mətbuatı Ermənistanın Azərbaycana təcavüzünə dair məqalələr yaymaqda davam edir
Daşkənd, 4 oktyabr, AZƏRTAC
Özbəkistanın “human.uz” və “islamonline.uz” portalları Ermənistanın Azərbaycana təcavüzü və ordumuzun əks hücumu ilə əlaqədar məqalələr dərc edib.
AZƏRTAC xəbər verir ki, yazılarda Türkiyənin vitse-prezidenti Fuat Oktayın “Kriter” jurnalına müsahibəsindən bəzi məqamlar yer alıb.
Müsahibədə deyilir ki, Ermənistan işğalçıdır, regionda sülh və sabitlik üçün maneədir, beynəlxalq birlik Azərbaycanı dəstəkləyir. Bütün dünya gördü ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində həqiqət kimin tərəfindədir. Uzun illərdir təmas xəttində Ermənistanın Azərbaycana qarşı təxribatları dayanmır. Ermənilər iyul ayında sərhədin Tovuz istiqamətində növbəti təxribat törətdilər, sentyabrın 27-də isə qoşunların təmas xəttində Azərbaycan növbəti təxribata əl atdılar və bu, Azərbaycan silahlı qüvvələrinin əks-hücumu ilə nəticələndi.
Vitse-prezident deyib: “Türkiyə bu gün işğala məruz qalan, torpaqları zəbt edilən Azərbaycanı dəstəkləyir, beynəlxalq hüquq və ədalət də Azərbaycanın tərəfindədir. Artıq 28 ildir ki, dünya ictimaiyyəti Ermənistanı Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun işğalına son qoymağa çağırır. Ermənistanın müntəzəm təxribatları, atəşkəsin pozulması Azərbaycanı məcbur etdi ki, beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq torpaqlarını düşməndən təmizləmək hüququndan yararlansın”.
Fuat Oktay bildirib ki, münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu problemin həllində gücsüzlüyünü ortaya qoydu. Bütün əməliyyatlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aparılır.
“İslamonline.uz” portalı isə “Dağlıq Qarabağ münaqişəsi haqqında 6 əsas məsələ” sərlövhəli infoqrafika verib. İnfoqrafikada Dağlıq Qarabağın xəritəsi əks olunub. Həmçinin münaqişənin başlanması və tarixi, problemin həllində Türkiyənin mövqeyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul edilməsi barədə məlumat verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd