CƏMİYYƏT
Özbəkistanda 9 May - Xatirə və Ehtiram Günü qeyd edilib
Daşkənd, 9 may, АZƏRTAC
Daşkənddəki Qələbə parkında 9 May - Xatirə və Ehtiram Günü münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, hökumət və parlament üzvləri, ölkənin bütün vilayətlərindən gələn müharibə veteranları, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Prezident Şavkat Mirziyoyev “Mətanət” abidəsinin önünə əklil qoyub, faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə mərasimə toplaşanları təbrik edib, veteranların hər cür hörmət və ehtirama layiq olduğunu bildirib. Prezident Qələbənin qazanılmasında Özbəkistanın rolundan danışıb.
Dövlət başçısı deyib ki, o vaxt Özbəkistanın 6,5 milyon nəfər əhalisindən 2 milyonu müharibəyə gedib. Onların 500 mini müharibədən qayıtmayıb. Özbəkistan müharibəyə müxtəlif texnika, ərzaq və geyimlə də kömək edib.
Sonra Prezident veteranlarla görüşüb.
Mərasim incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.
Həmin gün diplomatik korpusun üzvləri isə Daşkəndin mərkəzindəki “Kədərli ana” abidəsinin qarşısına və “Naməlum əsgər”in məzarı önünə əklillər və gül dəstələri qoyublar. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də səfirlik adından abidələrin önünə gül dəstələri qoyub.
Mayın 9-da bütün gün ərzində paytaxtda, vilayət mərkəzlərində və rayonlarda bayram tədbirləri keçirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd