QAN YADDAŞI
Özbəkistanda Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib VİDEO
Daşkənd, 25 fevral, АZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan İslam Müftiliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunan “Xocalı soyqırımında ölən insanlıq” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış elm, mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri, yerli azərbaycanlılar, din xadimləri, jurnalistlər iştirak ediblər.
İştirakçılar əvvəlcə Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində Xocalı faciəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar. Burada soyqırımı qurbanlarına həsr olunmuş sərgi – kompozisiya, soyqırımı dəhşətlərini, erməni vandallarının həyata keçirdiyi cinayətləri, habelə bu barədə dünyanın aparıcı xəbər agentliklərinin məlumatlarını, tanınmış şəxslərin fikirlərini əks etdirən materiallar nümayiş etdirilib.
Mədəniyyət Mərkəzinin kurs və dərnəklərinin istedadlı uşaqlarının hazırladığı “Ana harayı” maketinin qarşısında güllərdən hazırlanmış “Xocalı soyqırımını unutmayacağıq” kompozisiyası təqdim edilib, soyqırımında xüsusi amansızlıqla qətlə yetirilən uşaqların adları yazılan şarlar asılıb, habelə dinc sakinlərin əziz xatirəsinə şamlar yandırılıb.
Anım tədbirində çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Səfir deyib ki, 29 il əvvəl - fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini mühasirəyə alıblar. Şəhərdə könüllülər, qocalar, qadınlar, uşaqlar olub. O zaman Qırmızı Xaç Komitəsi və başqa beynəlxalq təşkilatlar vasitəsilə razılıq əldə edilmişdi ki, dinc əhali üçün sülh dəhlizi açılsın və onlar mühasirədən çıxa bilsinlər. Lakin ermənilər dinc əhaliyə bu dəhlizdən istifadə etməyə imkan verməyiblər. Erməni silahlıları qocaları, qadınları, uşaqları atəşə tutdular. Diplomat Xocalıda qəddarlıqla öldürülən insanlar, yaralananlar və itkin düşənlərin sayı haqqında da məlumat verib.
Hüseyn Quliyev deyib ki, britaniyalı jurnalist Tomas de Vaalın “Xocalıda nə baş verib” sualına Ermənistanın sabiq prezidenti, Xocalı canilərindən biri Serj Sarkisyan lovğalıqla belə cavab verib: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, arxayın idilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Lakin biz bu stereotipi sındırmağı bacardıq. Bax, orada bu baş verib”.
Səfir qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciənin XX əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Holokost soyqırımları ilə bir sırada dayandığını bəyan edib. Hazırda Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya, Bosniya və Herseqovina, İordaniya, Panama, Sudan, Peru, Honduras kimi dövlətlərin parlamentləri və Amerika Birləşmiş Ştatlarının 22 ştatı Xocalı soyqırımını tanıyıb.
Özbəkistan Müsəlmanları İdarəsi sədrinin müavini İbrahim Hacı İnamov və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Xocalı soyqırımı və erməni təcavüzü barədə düşüncələrini bölüşüb, zaman-zaman Ermənistanın işğalçılıq siyasətindən söhbət açıblar, Ermənistan silahlı qüvvələrinin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı olduğunu vurğulayıblar.
Anım tədbirində nümayiş etdirilən videomaterialda münaqişənin başlanması, Ermənistanın Azərbaycan torpaqlarının işğalı, şəhər və kəndlərimizin, mədəni, dini abidələrimizin barbarcasına dağıdılması, məhv edilməsi, Xocalı soyqırımı, erməni işğalının ağır nəticələri, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusunun apardığı zəfər müharibəsi, Vətən torpaqlarının azad olunması, ziyarətgahlar, məscidlər, dini və mədəni abidələrin azad edilməsi və onların hazırkı vəziyyəti təqdim olunub.
Qeyd edək ki, tədbir çərçivəsində Mədəniyyət Mərkəzində Özbəkistan İslam Müftiliyi tərəfindən şəhidlərin əziz xatirəsinə dualar oxunub, Azərbaycan dövləti adından Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehsan verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd