DÜNYA
Özbəkistanda keçirilən prezident seçkilərinin rəsmi nəticələri elan edilib
Daşkənd, 9 dekabr, AZƏRTAC
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov Daşkənddə keçirdiyi brifinqdə dekabrın 4-də ölkədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrini elan edib.
Məlumat verilib ki, nəticələrə əsasən, Özbəkistan Liberal-Demokrat Partiyasının namizədi Şavkat Mirziyayev 15 milyon 906 min 724 nəfərin (seçicilərin 88.61 faizinin) səsini qazanaraq seçkilərdə qalib gəlib.
Xalq-Demokratik Partiyasının nümayəndəsi Xatamcon Ketmanov seçicilərin 3.73 faizinin, “Ədalət” Sosial-Demokrat Partiyasının təmsilçisi Nəriman Umarov 3.46 faizinin, “Milli Dirçəliş” Demokratik Partiyasının nümayəndəsi Sarvar Atamuradov isə 2.35 faizinin səsini alıb.
Özbəkistanda prezident seçkilərinin gedişini Azərbaycan Milli Məclisinin aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov, parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputat Elman Nəsirov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov və iş adamı Rəşid Çulaqov müşahidə ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd