Özbəkistanla Türk Dövlətləri Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
AzerTAg.az

Daşkənd, 24 mart, АZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədə işgüzar səfərdə olan Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Böyük Millət Məclisinin deputatı Binəli Yıldırımla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələr arasında ticarət, nəqliyyat-loqistika, “yaşıl iqtisadiyyatın” inkişafı, innovasiya və yüksək texnologiyaların tətbiqi və digər sahələrdə əməkdaşlığın daha da inkişafı məsələləri diqqət mərkəzində olub.
TDT çərçivəsində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, həmçinin ötən ilin noyabrında İstanbul sammitində əldə olunan razılaşmaların yerinə yetirilməsi məsələləri də müzakirə olunub.
Özbəkistan Prezidenti Özbəkistan-Türkiyə strateji tərəfdaşlıq münasibətlərinin indiki səviyyəsindən məmnunluğunu ifadə edib: “Qarşılıqlı ticarətin həcmi artır, müasir sənaye müəssisələrinin yaradılması və infrastrukturun modernləşdirilməsi istiqamətində böyük investisiya layihələri həyata keçirilir, mədəni-humanitar sahədə əməkdaşlıq genişlənir”.
Dövlət başçısı deyib ki, Özbəkistan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının yüksək səviyyədə keçirilməsi istiqamətində işlər davam etdirilir.
Görüşdə regional aktual məsələlər də müzakirə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
Xəbərin mətnində orfoqrafik səhv var