İQTİSADİYYAT
“PAŞA Həyat” yol-nəqliyyat hadisəsində vəfat etmiş şəxsin ailəsinə 67 min manat sığorta ödənişi verib
Bakı, 29 avqust, AZƏRTAC
“PAŞA Həyat” sığorta şirkəti “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə növbəti sığorta ödənişinin həcmini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlət strukturlarının birində çalışan sığortalı işçi yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. Sığorta olunan şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, vəfat etmiş şəxsin ailəsinə - faydalanan şəxsin müvafiq bank hesabına 67 min 089 manat həcmində sığorta ödənişi həyata keçirilib.
Cari ilin əvvəlindən indiyədək “PAŞA Həyat” tərəfindən “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə 1 milyon 508 min 649 manat həcmində sığorta ödənişi verilib.
Qeyd edək ki, “PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. “PAŞA Həyat”ın cari ilin avqust ayının 1-nə aktivlərinin həcmi 157 milyon manata yaxın, nizamnamə kapitalının həcmi isə 40,250 milyon manat təşkil edir.