DÜNYA
PENTAQONUN EHTİYACLARINA 440 MİLYARD DOLLAR AYRILACAQ
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, ABŞ hökuməti yeni, 2007-ci maliyyə ilində Konqresdən Pentaqonun ehtiyacları üçün 439,3 milyard dollar istəməyi planlaşdırır. Bu barədə jurnalistlərə hökumətdəki mənbə məlumat vermişdir. Bildirilmişdir ki, cari illə müqayisədə hərbi xərclərin artımı 5 faiz təşkil edəcəkdir.
İraqda və Əfqanıstanda hərbi əməlliyyatlar aparılmasına çəkilən xərclər buraya daxil deyildir. Gözlənildiyi kimi, Ağ ev yaxın vaxtlarda Konqresdən bu məqsədlər üçün fövqəladə xərc kimi əlavə 70 milyard dollar ayrılmasını istəyəcəkdir. Daha 50 milyard dolları 2007-ci ilin büdcə xərclərinə daxil etmək planlaşdırılır. Beləliklə, cari ildə İraq və Əfqanıstanda ümumi xərclər təxminən 120 milyard dollar təşkil etməlidir.
Vəsaitin xeyli hissəsi, yəni 84,2 milyard dolları ən yeni silahların alınmasına xərclənəcəkdir. ABŞ ordusunun maliyyələşdirilməsinə 111,8 milyard dollar, o cümlədən hərbi qulluqçuların maaşının ödənilməsinə 42,6 milyard dollar ayrılması nəzərdə tutulmuşdur.