SİYASƏT
PREZİDENTİN YANINDA XÜSUSİ İDARƏNİN RƏİSİ ELMAN QƏMBƏROVUN ÇIXIŞI
-Möhtərəm Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Dövlət çevrilişinə görülən hazırlıq haqqında Prezidentin yanında Xüsusi İdarəyə məlumatlar çoxdan daxil olurdu. Alınan məlumatların üzərində aparılan təhlil işləri nəticəsində çevrilişə hazırlaşanların kimlər olduğunu dəqiqləşdirmişdik. Onların mütəmadi olaraq harada toplaşdıqları da bizə məlum idi. Biz həmin yerə kimlərin yığışdıqlarını da bilirdik. Ayaz Mütəllibovun iki yaxın məsləkdaşı həmin yerdə Mahir və Rövşən Cavadov qardaşları ilə müntəzəm görüşüb söhbətlər aparırdı.
Hələ keçən ilin axırlarında aldığımız bir məlumat bizi xeyli narahat edirdi. Həmin məlumata görə, onlar deyirdilər ki, biz Novruz bayramınadək bu dövlətlə haqq-hesab çəkib, onu tamamilə darmadağın edəcəyik. Bu, Elçin Əmiraslanovun sözləridir. Onun inandığı və etibar etdiyi bir adama dediyi bu sözlər bir neçə başqa mənbə tərəfindən də təsdiq olunurdu.
Dövlət çevrilişinin Novruz bayramınadək həyata keçiriləcəyi barədə məlumat bizi narahat etməyə başladı. Başqa mənbələrdən aldığımız məlumatlar da göstərirdi ki, doğrudan da, mart ayında dövlət çevrilişi gözlənilir. Prezidentimizin axırıncı xarici səfərinin son iki günü ərzində aldığımız məlumatlarda bildirilirdi ki, Surət Hüseynovun yaxın qohumu Kəramətin silahlı dəstələri Gürcüstan Respublikasının Marneuli rayonunda toplaşırlar. Bu, bizi ciddi narahat etdi.
Onu da qeyd edim ki, iki məlumat üst-üstə düşürdü. Kəramətin silahlı adamlarının Marneulidə yığışması və bizə məlum olan, haqqında Prezidentə məlumat verdiyimiz şəxsin – Surət Hüseynovun yaxın məsləhətçisinin təcili surətdə Moskvaya yola düşməsi. Bu iki məlumat və əldə etdiyimiz digər məlumatlar mart ayında dövlət çevrilişi cəhdi olacağı barədə bizi qəti bir qənaətə gətirmişdi.
Diqqətinizi bir də ona cəlb etmək istəyirəm ki, Elçin Əmiraslanov ayın 13-də demişdi: “Artıq mən dövlət çevrilişi etmişəm və fəaliyyətimi də davam etdirməyə gücüm çatar”. Bu sözləri şəxsən onun söylədiyi barədə bizdə məlumatlar var. Bu sözlər nəyi göstərir? O, dövlət çevrilişi etdiyini camaat arasında da etiraf etmişdi. “Fəaliyyətimi davam etdirməyə gücüm çatar” deməklə o, güman edirdi ki, orada dövlət çevrilişinə cəhd göstərdiyi üçün Bakıda və başqa yerlərdə də ona kömək edəcəklər.
Ən nəhayət, dünən Prezidentin yanında Xüsusi İdarəyə burada adları çəkilən həmin 4 qrup haqqında məlumat daxil olmuşdu. Bu qruplar əvvəl Prezident Sarayını ələ keçirmək, xalq tərəfindən qanuni yolla seçilmiş Prezidenti məhv etmək, ikincisi, Ali Sovetin binasını tutmaq və parlamentin sədrini öz vəzifəsindən kənarlaşdırmaq, üçüncüsü, Daxili İşlər Nazirliyinin binasını zəbt etmək və dördüncüsü, Dövlət Teleradio Şirkətini ələ keçirib xalqa müraciət etmək niyyətində idilər. Həmin məlumatı bir neçə yolla dəqiqləşdirdikdən sonra mən bu barədə respublika Prezidentinə dərhal yazılı surətdə məlumat verdim.
Diqqətinizi dünən Mahir Cavadovun evinin ətrafında baş vermiş hadisələrə də cəlb etmək istərdim, hərçənd, bu barədə məndən əvvəl çıxış edənlər danışdılar. Binanın 7-ci mərtəbəsindən Daxili İşlər Nazirliyinin əməkdaşlarına qumbaratandan atəş açılmışdır. Elə ilk atəşdən sonra 7 nəfər yaralanmışdır. Onların ikisi ağır yara almışdır. Biz həmin binada yaşayanlara xəsarət dəyməsin deyə, sakinləri oradan çıxarmışdıq. Amma Mahir Cavadov onunla bir blokda yaşayan adamlara, hətta qadınlara evdən çıxmağa imkan vermirdi.
İndi də bu gecədəki hadisələr barədə. Bir neçə dəfə təhrik etdilər ki, hücum bizim tərəfimizdən olsun. Lakin niyyətləri baş tutmadı. Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları bizim qoşunlara deyirdilər ki, “əgər siz hücum etməsəniz, onda biz Prezident sarayına gedəcəyik, gözləyin”. Biz həmin 4 qrup haqqında məlumat əldə etdikdən sonra onlar çalışdılar ki, bizim əsgərlərlə qardaşlaşsınlar, birlikdə Prezident sarayına getsinlər.
Çıxışımın axırında demək istəyirəm ki, bir neçə qurum və təşkilat dünən və sırağagün Cavadovun dəstəsinə kömək göstərməyə çalışdı. Həmin qurum və təşkilatlar məlumdur və bu barədə istintaqa hərtərəfli məlumat veriləcəkdir. Onlar dünənki hadisələr zamanı bizim gücümüzü, respublika Prezidentinin iradəsini gördülər. Qoy, onlar bir daha belə xəyala düşməsinlər.