CƏMİYYƏT
Pakistanın Azərbaycandakı səfiri Bakı Şəhər İcra Hakimiyyətində olub
Bakı, 28 noyabr, AZƏRTAC
Pakistanın ölkəmizdəki səfiri Bilal Haye Bakı Şəhər İcra Hakimiyyətində olub.
Bu barədə AZƏRTAC-a icra hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə icra başçısı Eldar Əzizov vurğulayıb ki, ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri uzun illəri əhatə edir və hazırda strateji tərəfdaşlıq səviyyəsindədir. Dost və qardaş Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan, Bakıda səfirliyi açılan ilk ölkələrdəndir.
Eldar Əzizov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalibiyyətlə başa çatan İkinci Qarabağ savaşı, döyüş meydanında məğlubiyyətlə üzləşən təcavüzkar Ermənistanın silahlı birləşmələri tərəfindən mülki əhaliyə qarşı törədilən insanlıq əleyhinə cinayətlər barədə məlumat verib. O, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Pakistanın birmənalı və qəti mövqeyinin, hər zaman Azərbaycana dəstək olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb və bununla bağlı minnətdarlığını bildirib.
Ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edən səfir Bilal Haye Pakistan-Azərbaycan əməkdaşlığının inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsində Pakistan ölkəmizin ədalətli mövqeyini tam dəstəkləyir və daim Azərbaycanın yanındadır.
Tərəflər əlaqələrinin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlər barədə müzakirələr aparıb.