SİYASƏT
Pakistanlı politoloq: Ermənistanı dövlət kimi tanımayan Pakistan daim Azərbaycanı dəstəkləyib
Qahirə, 24 noyabr, AZƏRTAC
Pakistanlı politoloq, Birminhem Universitetinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə tədqiqatçı doktoru Omar Kərim “Arabnews” qəzetinə yazdığı “Pakistanın Qarabağ münaqişəsindən praqmatizm dərsləri” sərlövhəli analitik məqalədə işğalçı Ermənistanı dövlət kimi tanımayan Pakistanın daim Azərbaycanı dəstəklədiyini qeyd edib.
AZƏRTAC xəbər verir ki, politoloq Ermənistanın 1994-cü ilədək Azərbaycanın ərazilərini işğal etdiyini, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 27 ildən çox davam edən danışıqlarda təcavüzkar ölkənin yalnız status-kvonu qoruyub saxlamaq istədiyini diqqətə çatdırıb. O əlavə edib ki, sülh prosesinin nəticəsiz qalması müharibənin yenidən alovlanması təhlükəsini də artırıb. Uzun illər öz havadarlarına arxalanaraq qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan son müharibədə məğlub olub və əvvəllər irəli sürdüyü iddialardan da əl çəkməyə məcbur edilib. Bu yeni reallıq əsl geosiyasət dərsi oldu.
Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas diqqəti transmilli neft-qaz layihələrinin həyata keçirilməsi vasitəsilə iqtisadi gücünü artırmağa yönəltdiyini bildirən politoloq qeyd edib: “Avropanın enerji bazarlarına daxil olan Azərbaycan, eyni zamanda, strateji qüdrətini də artırıb. Ölkənin istər regional, istərsə də ekstra-regional müttəfiqlərinin sayı çoxalıb. Azərbaycan Türkiyə ilə daha yaxın münasibətlər qurub. Cənubi Asiyada isə onun ən yaxın müttəfiqi Pakistandır. Rəsmi İslamabad Ermənistanı dövlət kimi tanımamaqla yanaşı, həm də Qarabağ münaqişəsinin nizama salınmasında Bakıya diplomatik dəstəyini göstərib. Türkiyə ilə müttəfiqlik sayəsində Azərbaycan əsgərləri NATO-nun ikinci ən böyük ordusu olan türk silahlı qüvvələrində təlimlər keçiblər. Bundan başqa, Azərbaycan Ordusu ən yüksək hərbi texnologiyalara malikdir”.
Müəllif diqqətə çatdırıb ki, Azərbaycan Pakistanla da hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirib, azərbaycanlı əsgərlərin bir hissəsi dost ölkədə təlimlərdə iştirak ediblər. “Bütün bu addımların nəticəsində Azərbaycan Ermənistanın sonuncu hərbi təxribatına layiqli cavab verdi və torpaqlarını işğaldan azad etdi. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun hava hücumları və taktiki planlarına ciddi müqavimət göstərə bilmədi”, -deyə politoloq qeyd edib.
Pakistanlı ekspert vurğulayıb ki, Azərbaycanın iqtisadi gücünü və hərbi qüdrətini artırmaqla öz torpaqlarını işğaldan azad etməsi ayrıca tədqiqat mövzusu ola bilər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə