REGİONLAR
Pambıqçılıqda yeni məhsuldar sortların alınması istiqamətində elmi-tədqiqat işləri davam etdirilir
Ucar, 30 iyul, AZƏRTAC
Son illər respubilkamızda strateji məhsul olan pambıqçılığın inkişaf etdirilməsi, yerli şəraitə uyğun yeni məhsuldar sortların əldə edilməsi istiqamətində ardıcıl işlər görülür, müxtəlif layihələr həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanan müqaviləyə əsasən, pambıqçılığın inkişaf etdirilməsi, yüksək məhsuldarlığa nail olunması üçün hazırda Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun alimləri Ucar-Şirvan Təcrübə Stansiyasının ərazisində şoranlığa, xəstəlik və zərərvericilərə qarşı dözümlü olan yeni sortların alınması üçün elmi-tədqiqat işləri aparır. Əsas məqsədlərdən biri ölkəmizdə xam pambığın dinamik inkişafını təmin etmək və toxumçuluq sənayesinin mahlıca olan tələbatını ödəməkdən ibarətdir.
Qamma şüalarının müxtəlif dozalarının pambıq bitkisinin toxumuna təsirindən seleksiya üçün başlanğıc materialın alınması seçilən hədəflərdən sayılır. Tədqiqat məqsədilə toxumu iki il müddətində öz-özünə tozlanmadan alınan “Gəncə-78” və “Gəncə-80” rayonlaşmış pambıq sortlarından istifadə edilir. Ötən il alınan yeni – mutant formalar üzərində bu il təzədən təkrar səpin aparmaqla təcrübə işləri davam etdirilir. Sınaqdan keçən yeni sortlar sırf qlobal istilərə qarşı istiqamətləndiyindən quraqlığa və şoranlığa dözümlü olması ilə yanaşı, həm də tez yetişməsi və yüksək məhsuldarlığı ilə seçilir. Mütəxəssislər bu sort pambığın artıq sınaqlardan uğurla çıxdığını bildirirlər.