CƏMİYYƏT


Parisdə Azərbaycan nümayəndə heyətinin müxtəlif şirkət rəhbərləri ilə görüşlərində hərbi-texniki əməkdaşlıq məsələlərindən danışılıb

Bakı, 19 iyun, AZƏRTAC

Fransa Kosmik Sənaye Assosiasiyasının himayədarlığı ilə iyunun 17-də “Paris Air Show-2019” sərgisi işə başlayıb. Hərbi təyinatlı aviasiya sahəsində dünyanın ən nüfuzlu sərgilərindən biri olan bu tədbirdə Müdafiə Sənayesi Nazirliyini (MSN) müşavir Fərrux Vəzirov təmsil edir.

MSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sərgi çərçivəsində F.Vəzirov Fransanın “Nexter”, “Thales”, “CS Communication”, “Lacroix” və Türkiyənin “TAİ” şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair məsələlər müzakirə edilib.

“Nexter” şirkətinin rəhbərliyi ilə görüşdə müdafiə təyinatlı müxtəlif növ məhsulların, o cümlədən MSN-in müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası da daxil olmaqla əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb. Tərəflər arasında bu layihələrin həyata keçirilməsi üzrə yol xəritəsi müəyyənləşdirilib. Görüşdə “Nexter” şirkətinin ekspertlərinin iyulda Azərbaycana nəzərdə tutulan səfərləri çərçivəsində danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.

“Thales” şirkətinin rəhbərliyi ilə görüşdə Azərbaycanda və qonşu ölkələrdə bu şirkətin məhsullarına texniki xidmətin göstərilməsi və təmiri üzrə birgə regional servis mərkəzinin yaradılmasına dair məsələlər müzakirə edilib. Eyni zamanda, müxtəlif növ aşkaretmə və radiolokasiya sistemlərinin birgə istehsalının yaradılması istiqamətində danışıqlar aparılıb. Müzakirə edilən birgə layihələrin həyata keçirilməsi üçün növbəti addımların atılmasına dair razılıq əldə olunub.

Səfər çərçivəsində İtaliyanın “Leonardo” şirkətinin nümayəndələri ilə də görüş olub. Görüşdə iyunun əvvəlində şirkət rəhbərliyi ilə MSN-də birgə layihələrlə bağlı aparılan danışıqlar davam etdirilib. Bunlarla yanaşı, Avropada aviasiya sahəsində ən böyük transmilli şirkət olan “Airbus” ilə də danışıqlar aparılıb və aerokosmik sahədə layihələrin icra edilməsinə, o cümlədən növbəti mərhələlərdə müzakirələrin hər iki tərəfin ekspertlərinin iştirakı ilə Azərbaycanda aparılmasına dair razılıq əldə olunub.

Sərgi çərçivəsində Fransa Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Thomas Lorne ilə də görüş olub. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın yaradılması istiqamətində danışıqlar aparılıb.

Görüşlərdə F.Vəzirovu Fransanın Azərbaycandakı hərbi attaşesi, polkovnik-leytenant Danni Pit müşayiət edib.

“Paris Air Show-2019” sərgisi işini iyunun 23-dək davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.