DÜNYA
“Parker” kosmik zondu Günəşin orbitinə yaxınlaşır
Bakı, 30 oktyabr, AZƏRTAC
ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyinin (NASA) “Parker Solar Probe” kosmik zondu ilə həyata keçirilən “Günəşə toxun!” missiyası uğurla davam edir.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, yaxın günlərdə bu zond indiyədək Günəşə hər hansı obyektin yaxınlaşdığı məsafədən daha yaxın olacaq. Hazırda “Parker”in Günəşdən 42,73 milyon kilometr məsafədə olduğu bildirilir. Bundan əvvəlki rekord 1976-cı ildə həyata keçirilmiş “Helios 2” alman-amerikan kosmik missiyasına aid olub (43,2 milyon kilometr). Həmin zondun saniyədə 70 kilometr sürətlə uçuş rekordu da “Parker” tərəfindən yenilənib (saniyədə 190 kilometr).
“Parker” kosmik fəzaya bu ilin avqustunda göndərilib. Bu missiyanın əsas məqsədi tarixdə ilk dəfə olaraq Günəşin orbitinə daxil olmaqdır. Kosmik zond, həmçinin Venera planetinə 7 dəfə yaxınlaşacaq ki, bu da onun sürətini saniyədə 200 kilometrə qədər artıracaq. Günəşə ən yaxın məsafəyə isə 2024-cü ilin dekabrında çatmaq mümkün olacaq. “Parker”in ölçüsü kiçik avtomobil qədərdir və 3-D fotoşəkilləri çəkən aparat, elektrik və maqnit sahələrini ölçən cihazla, həmçinin Günəş tacından gələn güclü radiasiya axınını ölçmək üçün xüsusi avadanlıqla təchiz olunub.