SİYASƏT
Partiya sədri: Diplomatlar gördülər ki, ermənilər ərazilərimizi işğal etməklə kifayətlənməyib, dağıdıcı fəaliyyətlə də məşğul olublar
Bakı,12 iyul AZƏRTAC
Xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə tanışlıq səfərinin mənası ondan ibarətdir ki, Azərbaycan dünyaya erməni vəhşiliyinin nəticələrini göstərdi. Bütün dünya gördü ki, ermənilər necə vandal bir millətdir. Həmçinin ermənilər ərazilərimizi işğal etməklə kifayətlənməyib dağıdıcı fəaliyyətlə də məşğul olublar.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.
ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlərin diplomatlarının səfərdə iştirak etməyini qeyd edən Araz Əlizadə bildirib: “Onların Azərbaycanda 30 ilə yaxın müddətdə yarıtmaz siyasi gedişi heç bir irəliləyişə gətirib çıxarmadı. Sadəcə, turist kimi gəlib gedərək ermənilər üçün vaxt qazandılar və Qarabağ münaqişəsini dondurmaq istədilər. Amma Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz döyüş meydanında işğalçı Ermənistanı tarixi məğlubiyyətə uğratmaqla yanaşı, onların havadarlarına da məyusluq yaşatdı. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri işğal dönəmində tez-tez Qarabağa gəldikləri üçün ermənilərin nə etdiyini çox yaxşı bilirdilər. Onların necə vəhşi olduqları digər dövlətlərdən də əvvəl onlara məlum idi. Lakin ABŞ, Fransa və Rusiya erməni cinayətlərinə, vandalizminə göz yumduğu üçün bu səfərdən imtina edir. Otuz ildə Azərbaycan üçün faydalı olmayan ATƏT-in Minsk qrupu bundan sonramı faydalı olacaq? Bu addım onların niyyətinin dəyişmədiyinin göstəricisidir”.
İşğaldan azad olunan ərazilərimizdə aparılan bərpa-quruculuq işləri onu göstərir ki, Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Buna görə də Azərbaycan dövləti əlindən gələni edəcək ki, torpaqlarımız yenə çiçəklənsin, təhlükəsiz bölgəyə çevrilsin, insanlar orada firavan həyat sürsünlər. “Ermənilərdən fərqli olaraq, Azərbaycan bu addımlarla qurucu, həmçinin geniş iqtisadi potensiala malik ölkə olduğunu göstərir”, - deyə A.Əlizadə bildirib.