“PaşaBank”ın aktivlərinin ümumi məbləği 26 faiz artmışdır
AzerTAg.az
Bakı, 14 mart (AZƏRTAC). Martın 14-də “PaşaBank”ın 2012-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə bankın idarə heyətinin sədri Fərid Axundov, baş maliyyə inzibatçısı Şahin Məmmədov və baş investisiya inzibatçısı Taleh Kazımov çıxış etmişlər.
Bildirilmişdir ki, “PaşaBank” korporativ maliyyə institutu kimi güclənmək və beynəlxalq əlaqəli korporativ müştərilərə, kiçik və orta sahibkarlara daha çox xidmətlər göstərməyi nəzərdə tutan 2012-2014-cü il üzrə strateji dövrünün ilk ilini uğurla başa vurmuşdur. Bank 188 milyon 348 min 431 manata malik olan kapitalı ilə ən iri kommersiya banklarından biri kimi mövqeyini qoruyub saxlaya bilmişdir.
Ötən ilin sonunda bankın aktivlərinin ümumi məbləği 721 milyon 74 min 710 manat təşkil etmişdir. Bu da 2011-ci illə müqayisədə 26 faiz artım deməkdir. Keçən il bankın kredit portfeli 15 faiz artaraq 282 milyon 837 min 279 manata çatmışdır. Portfel üzrə səmərəli ehtiyat dərəcəsi 3,1 faiz (2011-ci ildə 5,2 faiz) təşkil etmişdir.
Vurğulanmışdır ki, bankın 2012-ci ilin 12 ayı üzrə xalis mənfəəti 2011-ci illə müqayisədə 21 faiz artaraq 16 milyon 211 min 544 manat olmuşdur. Bankın 2012-ci ilin 12 ayı üzrə ümumi əməliyyat gəliri 2011-ci illə müqayisədə 39 faiz artaraq 43 milyon 142 min 99 manat olmuşdur. “PaşaBank”ın faiz gəliri 33 faiz artaraq 48 milyon 141 min 39 manat təşkil etdiyi halda, qeyri-faiz gəliri 30 faiz artaraq 9 milyon 282 min 918 manat məbləğinə çatmışdır.
Qeyd edilmişdir ki, bank üçün hazırkı strateji hədəf 2013-cü ildə ticarətin maliyyələşdirilməsi portfelini 140 milyon manat məbləğinə çatdırmaqdır. Ötən il bank səhmdarlara 2011-ci ilin xalis mənfəətindən 982 min 199 manat məbləğində divident ödəmişdir. Bu da bankın ümumi xalis mənfəətinin 6,1 faizini təşkil etmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var