CƏMİYYƏT
Paytaxt sakini: Şəhidlərin müqəddəs ruhu qarşısında indi üzümüz ağdır
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar şəhadətə qovuşduğu məkandan və zamandan asılı olmayaraq bütün şəhidlərimizin günüdür. Təsadüfi deyil ki, əvvəllər düşmən tapdağında qalan rayonlarımızın işğal günlərində də Şəhidlər xiyabanına toplaşırdıq. Həmin günlərin bu müqəddəs məkanda anılması həm də boynumuza düşən məsuliyyəti anlamaq, unutqan olmamaq üçün idi. İndi çox şükür ki, onların müqəddəs ruhu qarşısında başımızı dik tuturuq. Heç də təsadüfi deyil ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin taleyini həll edən xəbəri - Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından elan etdi. Bu, bu gün üz tutduğumuz məkanın necə böyük səcdəgah olduğunu göstərir. Həmişə göz yaşı ilə üz tutduğumuz Xiyabana indi qürur hissi ilə gəlmişik. Qarabağda əldə edilən Zəfərdən sonra indi şəhidləri ziyarət etmək üçün üzümüz ağdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətə gələn paytaxt sakini Əlif Məhyəddinov deyib.
“Mənə elə gəlir ki, biz bu gün şəhidlərə hesabat verməyə gəlmişik. Gəlmişik onlara deyək ki, 30 ilə yaxın həsrətini çəkdiyimiz Vətən torpağına qovuşmuşuq. Gəlmişik onlara xəbər verək ki, tezliklə Qarabağın yeni növrağı başlayacaq, siz rahat uyuya bilərsiniz. Xalqımız haqq savaşında qalib gəldiyinə, Qarabağı azad etdiyimizə və şəhidlərin arzuları çiçək açdığına görə bu gün həm də təsəlli tapırıq. Qazandığımız zəfəri, qovuşduğumuz azadlığı məhz şəhid və qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa və cansağlığı arzulayıram. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onlar əsrlər keçsə də unudulmayacaqlar”,- deyə həmsöhbətimiz əlavə edib.