CƏMİYYƏT


Paytaxtda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsinə yekun vurulub

Bakı, 25 may, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş paytaxtın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsinə yekun vurulub.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan müsabiqə iki mərhələdə keçirilib, paytaxtın bütün rayonlarında keçirilən mərhələdə qalib seçilən rəsm əsərləri şəhər mərhələsinə təqdim edilib. Ümumilikdə isə ilkin mərhələdə 250-dən çox ümumtəhsil məktəbinin 400-ə yaxın şagirdi öz rəsmləri ilə iştirak edib və həmin mərhələdə seçilən rəsmlər müsabiqənin şəhər mərhələsində nümayiş olunub.

“Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsində fərqlənən rəssamların əl işlərindən ibarət sərgi və müsabiqənin yekun mərasimi keçirilib. İştirakçıların rəsmləri tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamlar tamaşaçılara əsərləri ilə bağlı məlumat veriblər.

Məktəblilərin müxtəlif mövzularda təqdim etdiyi rəsmlərin qiymətləndirilməsi Azərbaycan Rəssamlar İttifaqının, Rəssamlıq Akademiyasının peşəkar mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsabiqənin şərtlərinə əsasən 3 qalibə pul mükafatı, 7 nominasiya üzrə qaliblərə sertifikatlar, müsabiqədə fərqlənən 30 iştirakçıya təşəkkürnamə və digər mükafatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.