CƏMİYYƏT
Paytaxtda növbəti iməcilik keçirilib
Bakı, 9 noyabr, AZƏRTAC
Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən paytaxtın Qaradağ rayonunda əsas magistral yol boyunca olan ərazidə birgə iməcilik təşkil edilib.
BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxt qurumlarının rəhbərləri və əməkdaşları, təsərrüfat xidmətlərinin işçiləri də daxil olmaqla, ümumilikdə 1000 nəfərə yaxın adamın iştirak etdiyi iməcilikdə mindən çox ağac (əsasən Eldar şamı, kiparis və s.) əkilib.
Ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi əvvəlcədən daş və digər tullantılardan təmizlənib, əkiləcək ağacların və digər bitkilərin suvarılması üçün su xətləri çəkilib.
Ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritetlərindən biridir. Son illər ərzində Azərbaycanda yaşıllaşdırma və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir, geniş abadlıq işləri görülür, şəhərlərdə yaşıllaşdırmanın səviyyəsi getdikcə artır.
Dövlət Bayrağı Günündə keçirilən iməcilikdə yol boyunca əkilən yeni ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.