İQTİSADİYYAT
Paytaxtda quraşdırılan LED sistemi ilə təchiz edilən işıqforların sayı artırılacaqdır VİDEO
Bakı, 25 dekabr (AZƏRTAC). Paytaxtda quraşdırılacaq işıqforların sayı 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar artırılacaqdır.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sayının artırılması nəzərdə tutulan LED (Light Emitting Diode – işıq saçan diod) sistemi ilə təchiz edilən işıqforlardan hazırda paytaxtın Ü.Hacıbəyov və A.Puşkin küçələrinin kəsişməsində nəqliyyatın hərəkətinin tənzimlənməsində istifadə olunur. Bununla yanaşı, yeni rəqəmli işıqforların da quraşdırılması nəzərdə tutulmuşdur. Ümumiyyətlə, Bakıda quraşdırılması planlaşdırılan yeni işıqforlar nəqliyyat sahəsindəki son texnologiyaları özündə birləşdirəcəkdir.
LED işıqforların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır və sürücülər işıqforda hansı siqnalın (gözləmə və ya hərəkət etmə) olduğunu asanlıqla müəyyən edirlər. Yüngül konstruksiyaya malik bu işıqforlar alüminiumdan hazırlanır. Hündürlüyünə və ölçülərinə görə mövcud işıqforlardan daha böyük olduğundan sürücülərin diqqətini cəlb edir. Bütün bunlar hərəkətin təhlükəsizliyini təmin etməkdə kömək göstərir. Bundan əlavə, iritutumlu nəqliyyat vasitəsi işıqforun önündə dursa belə, digər nəqliyyat vasitələrinin işıqforu görməsi məhdudlaşmır. Həmçinin üst dirəkdə quraşdırılmış işıqların köməyi ilə piyadalar axşam saatlarında işıqforun siqnalını daha rahat görə bilirlər. LED işıqforları, eyni zamanda, elektrik enerjisinə də qənaət etməyə imkan verir.