İQTİSADİYYAT
Paytaxtdakı Gülbala Əliyev küçəsi yenidən qurulub VİDEO
Bakı, 29 oktyabr, AZƏRTAC
Səbail rayonu ərazisindəki uzunluğu 8,6 kilometr olan Gülbala Əliyev küçəsində yol infrastrukturu yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq, yolun asfaltlanması işləri aparılıb, vətəndaşların yol kənarı ilə normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 1,8 kilometr uzunluğunda yeni piyada səkiləri inşa edilib, küçəni işıqlandırmaq üçün yeni işıqlandırma sistemi qurulub.
Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili məqsədilə yolboyu yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb.
Bundan öncə rayonun Elçin Əzizov küçəsində də təmir işləri həyata keçirilib. Küçə rayonun “20-ci yaşayış sahəsi”ndə yerləşir və ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yollardan biridir. Küçənin uzunluğu 1 kilometr, eni isə 6 metr təşkil edir.