CƏMİYYƏT
Paytaxtın rayonlarında koronavirusun yayılmasının qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir
Bakı, 25 noyabr, AZƏRTAC
Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Bakının Xəzər rayonunda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq Xəzər Rayon İcra Hakimiyyəti və rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də yaradılmış mobil qruplar tərəfindən rayon ərazisində əhalinin sıx olduğu məkanlarda, bütün ictimai-iaşə və ticarət obyektlərində reydlər aparılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, reydlər zamanı karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edilməsi yoxlanılıb, işçilərlə, həmçinin alıcılar və müştərilərlə maarifləndirici söhbətlər aparılıb, sosial məsafənin gözlənilməsinin vacibliyi xatırladılıb, sanitar-gigiyena qaydalarına riayət olunması və tibbi maskadan istifadə edilməsinin zəruriliyi vurğulanıb.
Həmçinin fəaliyyətlərində nöqsan aşkarlanan bir neçə ticarət obyektinə ciddi xəbərdarlıq edilib, hüquqi və fiziki şəxslər tərəfindən karantin rejiminin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.