DÜNYA
Pekinin təhsil ocaqları COVID-19 səbəbindən yenidən bağlanıb
Pekin, 21 yanvar, AZƏRTAC
Pekin şəhər hökumətinin qərarı ilə paytaxtdakı uşaq bağçalarında təlim-tərbiyə prosesi COVID-19 səbəbindən yanvarın 21-dən etibarən dayandırılıb.
AZƏRTAC Pekinin təhsil komitəsinin məlumatına istinadla xəbər verir ki, son günlər Çində, eləcə də paytaxtda COVID-19 virusuna yoluxma hallarının çoxalması bu qərarın qəbul edilməsinə əsas olub. Bundan başqa, orta və yuxarı sinif şagirdləri üçün dərslər yanvarın 22-dən dayandırılacaq və şagirdlər vaxtından əvvəl qış tətilinə buraxılacaq. Qış semestrinin imtahanları isə onlayn formada təşkil olunacaq. Orta məktəblərin ibtidai sinif şagirdləri isə (1-6-cı siniflər) qış tətilinə cədvəl üzrə nəzərdə tutulan vaxtdan 2 həftə əvvəl tez - ötən həftədən buraxılıb.
Təhsil komitəsi virusun yayılmasının qarşısını almaq üçün qəbul etdiyi qərarla Pekindəki bütün təhsil ocaqlarının fəaliyyəti dayandırılıb.
Paytaxtın Dasin rayonunda 9 yaşlı məktəblinin virusa yoluxması aşkarlandıqdan sonra rayonun 3 məhəlləsinin 203 min sakini yeni növ koronavirus testindən keçib. Bütün nəticələr mənfi olsa da, yoluxan şagirdin oxuduğu məktəbin şagird və müəllimlərinin bir hissəsi (1977 nəfər) 17 məntəqədə, digər qrup isə öz evlərində karantinə cəlb olunublar.
Xatırladaq ki, COVID-19 böhranı səbəbindən Pekinin təhsil ocaqlarında dərslər ilk dəfə ötən il fevralında dayandırılmışdı.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin