DÜNYA
Pentaqon silah istehsalına 1,2 milyard dollar vəsait ayırıb
Bakı, 10 sentyabr, AZƏRTAC
ABŞ Müdafiə Nazirliyi Ukraynaya göndərilmək üçün hərbi hissələrdən götürülən silah və avadanlıq ehtiyatlarının yerini doldurmaq üçün bir sıra silah istehsalçıları ilə 1,2 milyard dollarlıq müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, Pentaqon mətbuat xidmətinin Amerika mediasında yayılmış məlumatına əsasən, Kiyevə göstərilən yardımın bir hissəsi istehsalçılardan müqavilələr əsasında alınıb, lakin silahların təxminən 12,5 milyard dollarlıq əhəmiyyətli hissəsini prezident öz səlahiyyətləri çərçivəsində Ukraynaya göndərib. Əsasən tank əleyhinə “Javelin” sistemləri, “Stinger” zenit-raket kompleksləri HIMARS yaylım atəş qurğusu və “Switchblade” pilotsuz uçuş aparatları Birləşmiş Ştatların mövcud hərbi inventarından götürülüb.
ABŞ müdafiə nazirinin satınalma və təchizat üzrə müavini Bill Laplant artıq daxili ehtiyatların bərpası üçün təxminən 1,2 milyard dollar dəyərində müqavilələrin imzalandığını deyib. Bu vəsait əsasən “Javelin”, “Stinger” və HIMARS-ların istehsalına yönəldiləcək.
Onun sözlərinə görə, Pentaqon hazırda Ukraynaya vəd etdiyi hərbi avadanlıq, o cümlədən 155 mm-lik artilleriya mərmiləri, “Switchblade” dronları, radar sistemləri və taktiki nəqliyyat vasitələri üçün daha 1,2 milyard dollar dəyərində müqavilələrin imzalanması üzərində çalışır.