MƏDƏNİYYƏT


Peru gənclərinin Bakı Xoreoqrafiya Akademiyasında təhsil alması müzakirə olunub

Bakı, 28 fevral, AZƏRTAC

Son üç ildə Bakı Xoreoqrafiya Akademiyası (BXA) Təhsil Kompleksində iki beynəlxalq müsabiqənin keçirilməsi, 17 dünya şöhrətli rəqqasın ustad dərsi keçməsi, dünyanın aparıcı xoreoqrafiya profilli müəssisələri ilə 12 sazişin imzalanması və ali təhsil ocağının Avropa İncəsənət İnstitutları Liqasının daimi üzvü seçilməsi, akademiyada 10-dan çox xarici tələbənin təhsil alması beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri BXA-nın rektoru, Əməkdar elm xadimi Timuçin Əfəndiyev Perunun ölkəmizdəki səfiri Mariya Milaqros Kastanyon Seoane ilə görüş zamanı deyib.

Görüş zamanı, T.Əfəndiyev Azərbaycan mədəniyyəti və incəsənəti tarixindən, qədim ənənələrimizdən, müasir sənət prosesindən, eyni zamanda, xoreoqrafiya sənətinin tarixi və nailiyyətləri və akademiyanın tədris və yaradıcılıq fəaliyyəti haqqında məlumat verib.

Xanım səfir Azərbaycan rəqs sənəti və milli baletinin vurğunu olduğunu qeyd edərək, görüşdə aldığı məlumat və təəssüratdan məmnun olduğunu bildirib. Peru Respublikasında klassik rəqs ənənələrinin geniş vüsət almadığını deyən xanım səfir, bu baxımdan Azərbaycan təcrübəsindən yararlanmağa hazır olduqlarını və bunun üçün kompleks tədbirlər görüləcəyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin Peru gənclərinin Bakı Xoreoqrafiya Akademiyasında bakalavr və magistr təhsili alması, habelə akademiyanın təcrübəli müəllimlərinin Perunun ali təhsil müəssisələrində ustad dərslərinin təşkil olunmasında iştirakı kimi məsələlər müzakirə edilib.

Sonda, T.Əfəndiyev 2019-cu ildə akademiyanın 90 illik yubileyi ilə əlaqədar həyata keçiriləcək tədbirlər, nümayiş etdiriləcək rəqs və balet tamaşalarına xanım səfiri və səfirliyin bütün əməkdaşlarını dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.