DÜNYA
Peru polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 24-də minlərlə insan hökumətin fəaliyyətindən narazılığını ifadə etmək üçün Perunun paytaxtı Limanın küçələrinə çıxıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, etirazlar iğtişaşlarla müşayiət olunub. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Peruda etiraz aksiyaları iki aya yaxındır davam edir. Aksiya iştirakçılarının yolları bağlaması və infrastruktura dəyən zərər 1 milyard dolları ötən istehsalat durğunluğuna səbəb olub. Peru Prezidenti Dina Boluarte nümayişlərin narkotik ticarətçiləri və qaçaqmalçılar tərəfindən siyasi məqsədlər üçün təşkil edildiyini bildirib.
Çərşənbə axşamı Lima şəhərində keçirilən etirazlar iştirakçıların sayına görə ən böyük və daha şiddətli olub.
Ölkədə etiraz aksiyalarına dekabrın əvvəlində başlayan hakimiyyət böhranı səbəb olub. Aksiya iştirakçıları hazırkı Prezident Dina Boluartenin istefasını, parlamentin buraxılmasını, yeni seçkilərin keçirilməsini və konstitusiya assambleyasının çağırılmasını tələb edirlər.