ELM VƏ TƏHSİL
Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 5 may, AZƏRTAC
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə balıqçılıq, gülçülük, quşçuluq və ekoloji təmiz məhsulların istehsalı sahəsində fəaliyyət göstərən “LU-MUN Holdinq” MMC arasında anlaşma memorandumu imzalanıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq memorandumunun imzalanmasında məqsəd aidiyyəti sahələr üzrə peşə təhsili səviyyəsi çərçivəsində tədris olunan proqramların və resursların təkmilləşdirilməsi, tələbələr üçün təcrübə proqramlarının təşkili, eləcə də gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir.
Anlaşma memorandumu çərçivəsində razılaşdırılan əməkdaşlıq istiqamətlərindən biri də peşəyönümü işinin həyata keçirilməsinə dəstək məqsədilə peşə təhsilinin uyğun sənaye sahələri üzrə təşviq edilməsi üçün birgə işlərin görülməsidir. “LU-MUN Holdinq” MMC-nin mütəxəssisləri tərəfindən hazırda peşə təhsili üzrə aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələrə ustad dərslərinin keçirilməsi və sənaye müəssisələrinə infoturların/ekskursiyaların təşkili nəzərdə tutulub. Bu məqsədlə, ilk səfər olaraq Neftçala Peşə Məktəbinin balıq yetişdirilməsi üzrə mütəxəssis ixtisasında təhsil alan tələbələrin və mühəndis pedaqoji heyətin “Azerbaijan Fish Farm” MMC-nin Nərə balıq yetişdirmə zavoduna ekskursiyası təşkil olunub.
Yeni tədris ilindən etibarən qarşılıqlı razılaşdırılmış fəaliyyət planına əsasən daha intensiv fəaliyyətlərin icrası nəzərdə tutulur.