ELM VƏ TƏHSİL
Peşə təhsil mərkəzi təhsilalanların ixtisaslı kadrlara çevrilməsinə dəstək verir
Bakı, 2 dekabr, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “İnteqral QSC” şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, əməkdaşlığın əsas məqsədi təhsilalanların ixtisaslı kadrlara çevrilməsinə dəstək verməkdən ibarətdir.
Ölkədə müasir tələblərə cavab verən yeni nəsil işçi qüvvəsinin hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcək hər iki təşkilat kifayət qədər geniş elmi texniki laboratoriyalara və istehsalat bazasına, təcrübəli ixtisaslı kadrlara malikdir.
Əməkdaşlıq çərçivəsində elektronika istiqaməti üzrə təhsilalanların istehsalat təcrübə proqramlarında iştirak edəcək, onlara sahibkarlıq vərdişləri aşılanacaq, müvafiq bilik və bacarıqları qiymətləndiriləcək. Təcrübə proqramlarındakı iştirakı müsbət dəyərləndirilən təhsilalanlar işlə təmin olunacaq.
Memoranduma əsasən müəyyən edilən müvafiq sahələr üzrə ixtisaslı peşəkar kadrların yetişdirilməsi məqsədilə birgə tədris proqramlarının hazırlanması, təlimlərin təşkil olunması da nəzərdə tutulur.