ELM VƏ TƏHSİL
Peşə təhsili müəssisələrində Anım Gününə həsr olunan silsilə tədbirlər keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələrində Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, tədbirlər çərçivəsində peşə məktəblərinin pedaqoji və texniki heyəti tərəfindən Bakı şəhəri və regionlarda yerləşən Şəhidlər xiyabanları ziyarət edilib, şəhid ailələri və məzun qazilərlə görüşlər təşkil olunub.
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qazilər iştirak edib, 44 günlük Vətən müharibəsinə həsr olunmuş videotəqdimat nümayiş etdirilib.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ağacəkmə kampaniyası həyata keçirilib.
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin girişində şəhidlərin fotostendləri hazırlanıb və onların mübarizə yolunu əks etdirən videoçarxlar, işğaldan azad edilmiş bölgələrdə quruculuq işlərini əks etdirən videomateriallar nümayiş olunub.
Lənkəran Peşə Liseyi şəhid ailələrinə verilən yeni yaşayış binasının həyətinə lisey tərəfindən istehsal olunan masalar, oturacaqlar, tullantı qutuları, güldanlar yerləşdirib. Bununla yanaşı, liseyin həyətində şəhidlərin əziz xatirəsinə ağaclar əkilib.
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tarixi günlə əlaqədar geniş tədbir keçirib.
Peşə təhsil müəssisələrinin pedaqoji kollektivi, tələbə və məzunları arasından İkinci Qarabağ müharibəsində iştirak etmiş 54 nəfər Vətənin azadlığı uğrunda göstərdikləri şücaətə görə ölkə başçısı tərəfindən müxtəlif medallarla təltif edilib. 44 günlük Vətən müharibəsində ümumilikdə 760 təhsil işçisi düşmənə qarşı vuruşub. 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.