İQTİSADİYYAT
Pirallahı qəsəbəsində tikilən Günəş Elektrik Stansiyası ilin sonunadək işə salınacaq
Bakı, 29 sentyabr (AZƏRTAC). “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə 2 hektar torpaq sahəsi ayrılıb. Bu ilin mart ayından ərazidə Günəş Elektrik Stansiyasının inşasına başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Pirallahı Günəş Elektrik Stansiyası “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin şəbəkəsinə qoşulacaq və burada istehsal olunan enerji ASC-nin şəbəkəsinə ötürüləcək.
Ümumi gücü 2,8 meqavat olacaq Günəş Elektrik Stansiyasının ilin sonunadək tam işə salınması planlaşdırılır və bu, rayonun enerji təchizatının etibarlılığının təmin olunmasına öz müsbət təsirini göstərəcək.
Hazırda tikinti-quraşdırma işlərinin tamamlanması istiqamətində intensiv iş aparılır. Stansiyanın tikintisində Sumqayıtdakı “Azgüntex” MMC-nin istehsal etdiyi günəş panellərindən istifadə olunur.