CƏMİYYƏT
Polis əməkdaşları Sumqayıtda koronavirusa qarşı nəzarət-profilaktiki tədbirləri gücləndiriblər VİDEO
Bakı, 3 dekabr, AZƏRTAC
Paytaxt Bakı ilə yanaşı, Sumqayıtda da polis əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarından ibarət mobil qruplar vasitəsilə şəhərin hər bir küçə və prospektində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.
Reydlər zamanı mağazalara tibbi maskasız daxil olan alıcılar və buna biganə qalan obyektlərin əməkdaşları müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə cərimələniblər. Tədbir zamanı sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi sahibkarların və alıcıların diqqətinə çatdırılıb.
Reyd zamanı, həmçinin ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sərnişinlər və sürücülər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyənləşdirilərək cərimələniblər. Belə hallara yol verən avtobus sürücüləri barəsində ciddi tədbirlər görülüb. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Sumqayıt şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah olunub.
Daxili İşlər Nazirliyi vətəndaşlarımıza bir daha müraciət edərək, koronavirusun daha geniş miqyasda yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl olunmasını xahiş edir.