SİYASƏT


Politoloq: Avropa Parlamenti sistematik şəkildə siyasi çirkaba bulaşıb

Politoloq: Avropa Parlamenti sistematik şəkildə siyasi çirkaba bulaşıb

Bakı, 13 mart, AZƏRTAC

Avropa Parlamentinin (AP) dünyadakı bir çox proseslərdə qeyri-obyektiv mövqeyi artıq qəbul edilən klişelərdən biridir. Burada sistematik şəkildə siyasi çirkab dövriyyəyə buraxılır. Son 10 il ərzində isə AP tamamilə çirkli pulların təsiri altında olan siyasətçilərin məskəninə çevrilib. Ümumiyyətlə, AP-də təmsil olunanlar birmənalı şəkildə siyasi hadisələrin təhlilindən uzaqdırlar. Ciddi media strukturlarında dərc edilən yazılarda da oradakı deputatların demək olar ki, iclaslara hazırlıqsız qatıldığı qeyd edilir. Bir çox məşhur diplomatlar öz xatirələrində AP-nin işləmə mexanizmlərini ifşa ediblər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

"Avropa Parlamenti yaxın günlərdə növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Bu, qurumun bir daha ölkəmizə münasibətdə necə düşmən mövqedə dayandığını sübut edir. Bu qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də gorbagor olmuş “Minsk qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə, ümumiyyətlə, olmayan məsələlər qeyd edilib. Bu “qətnamənin” müəllifləri də eyni ermənipərəst dairələr və strukturlardır. Diqqətlə analiz edəndə görürük ki, Avropa Parlamentindəki Azərbaycan düşmənçiliyinin direktivləri birbaşa Fransadan gəlir. Daha öncəki qətnamələrdə də Fransa mərkəzli siyasətçilər prosesin “aparıcı qüvvəsi”ni təşkil etmişdilər.

Fransa Cənubi Qafqaz regionunda təmsilçilik əldə etmək üçün müxtəlif təxribatlara əl atır. Hesab edirəm ki, Fransanın bu təxribatları ölkənin olmayan nüfuzunun daha da zədələnməsi ilə nəticələnir. Eyni zamanda, Fransanın Ermənistan vasitəsilə Azərbaycan və Türkiyəyə təsir etmək siyasəti ətrafında da fəallıq Makronun hakimiyyəti dövründə daha da artıb”, - deyə politoloq vurğulayıb.

Avropa Parlamenti və Avropa Komissiyasında Fransanın təsir imkanlarının geniş olduğunu diqqətə çatdıran STM-in sektor müdiri deyib: “Emmanuel Makronun Azərbaycan və Ermənistan arasında formalaşa biləcək sülh və etimad mühitini pozmaq planına Avropa Parlamenti dəstək verməyə çalışır. Prosesə bir qədər geniş müstəvidə baxsaq, erməni lobbisinin izlərini də aydın görə bilərik. Erməni lobbisinin Fransa hakimiyyətinə təsir imkanları genişdir. Ona görə də erməni lobbisinin çirkli pullarının Avropa Parlamentinə ötürülməsində əsas vasitəçi rolunu elə Fransanın oynadığını demək üçün kifayət qədər əsaslar var. E.Makron hakimiyyəti bu gün birmənalı şəkildə Ermənistanı dəstəkləmək, eyni zamanda, Avropa Parlamenti kimi qurumları Azərbaycan və Türkiyə əleyhinə qızışdırmaqla Fransanın Bakı və Ankara ilə gələcək iqtisadi-siyasi əlaqələrini sabotaj edir. İstənilən halda əlaqələrin zədələnməsindən itirən Azərbaycan və Türkiyə deyil, Fransa və onun dəstəklədiyi Avropa Parlamentindəki lobbist qruplar olacaq”.

T.İsmayılovun sözlərinə görə Avropa Parlamentinin korrupsiya şəbəkəsində 33 nəfərlik “Ermənistanla dostluq qrupu”nun üzvləri kifayət qədər aktivdirlər. AP-də Azərbaycan və Türkiyəni hədəfləyən bəyanatlar təşkilat adından elan edilsə də, onların əksəriyyəti məhz həmin “33 nəfərlik qrup” tərəfindən imzalanır. Bu deputatlar dünyada Azərbaycan və Türkiyə əleyhinə dezinformasiya şəbəkəsinin əsas sponsoru Kaspar Karampetyanın maliyyəsi ilə Ermənistana dəfələrlə səfərlər ediblər.

Dünyada Beynəlxalq Antikorrupsiya Gününün qeyd edildiyi tarixdə Belçika polisi AP-də fəaliyyət göstərən korrupsiya şəbəkəsini ifşa edərək onun bir neçə üzvünü həbs edib. Saxlanılanlar arasında AP-nin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailinin olması isə sensasiya effekti yaradıb. Eva Kaili AP kürsülərindən daim Türkiyə əleyhinə çağırışları ilə fərqlənib. İşlə əlaqədar Brüsseldəki 16 müxtəlif nöqtədə həyata keçirilmiş axtarışlar nəticəsində 600 min avro nağd pul aşkarlanıb.

Avroparlamentarilərə külli miqdarlarda rüşvət verən daha bir erməni əsilli oliqarx isə Vartan Sirmakesdir. İsveçrə vətəndaşı olan Sirmakes işğal dövründə Qarabağda bank sektoru, kənd təsərrüfatı, mədən sənayesi kimi müxtəlif sahələrdə tamamilə qanunsuz biznes fəaliyyətləri göstərib və Azərbaycanın sərvətlərini talayaraq öz biznes imperiyasını genişləndirib. Serj Sarkisyanın Ermənistanın Marselə baş konsul təyin etdiyi Sirmakes əldə etdiyi vəsaitlərdən avroparlamentarilərə rüşvət və bahalı hədiyyələr şəklində paylayaraq həm Ermənistanın, həm də şəxsi maraqlarının müdafiəsində dəstək toplamağa çalışıb. Eyni zamanda, Sirmakes Fransa Senatındakı deputatlara çirkli pullar paylayan əsas adamlardan sayılır. Beləliklə, biz görürük ki, bütün dünyanın gözü qarşısında sistemli siyasi dələduzluq çarxı qurulub.

Politoloq əlavə edib ki, AP-də ənənəvi Qərb dəyərləri, habelə plüralizm, ifadə azadlığı kimi fundamental məsələlər Avropadakı erməni icmasının radikal fəaliyyəti nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşib. Azərbaycana qarşı ədalətli mövqe tutan istənilən deputat erməni icması və ya onun təsiri altında olan qüvvələr tərəfindən mənəvi terrora məruz qalır. Nəticədə həmin deputatlar susmağa məcbur olurlar. Hazırda AP erməni icmasının təsiri altında olan və Azərbaycana qarşı radikal mövqe tutan bir sıra deputatların öz şəxsi ambisiyalarının həyata keçirildiyi məkana çevrilib. AP ermənilərə aid olduğunu iddia etdiyi mədəni abidələri qədim xristian irsinin bir hissəsi kimi təqdim edir. İşğal dövründə dağıdılmış və ciddi ziyan vurulmuş 67 məscidi, yerlə-yeksan edilmiş İslam mədəniyyəti abidələrini inkar edir ki, bu düşüncə tərzi dini, irqi ayrı-seçkiliyi təşviq etməklə olduqca təhlükəli tendensiyalara rəvac verir. AP-nin mədəni irsə yanaşması da siyasiləşib, dini çalar alır. “Xristian irsi qorunmalı, müsəlman irsini isə dağıtmaq olar” yanaşmasına şahidlik edirik. Avropa Parlamenti artıq müasir səlibçilərə çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.