SİYASƏT
Politoloq Quram Merxuliya: Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır...
Tbilisi, 15 dekabr, AZƏRTAC
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu barədə kifayət qədər tarixi faktlar var. Bunu heç bir vicdanlı alim dana bilməz. Yalnız erməni alimləri qondarma, saxta faktlar düzəltməklə işğalçılıq siyasətlərinə don geyindirmək istəyir, bu məsələdə də xarici havadarlarının köməyindən istifadə edirlər. Amma onlar buna nail ola bilməyəcəklər. Azərbaycan bu bölgənin ən qədim dövlətlərindən biridir və hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilər də Azərbaycanındır. Bu da tarixi faktdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış gürcü politoloqu, tarixçi alim Quram Merxuliya söyləyib.
Alim deyib: “Hamıya məlumdur ki, Ermənistan dövləti 1918-ci ildə Azərbaycan və Gürcüstan ərazilərində xarici dövlətlərin dəstəyi və təzyiqi ilə yaradılıb. Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi Dağlıq Qarabağ mövcud olanda heç Ermənistanın adı belə olmayıb. Ermənilər bu faktları ört-basdır etməklə diqqəti yayındırmağa çalışırlar. Amma hesab edirəm ki, onlar buna nail ola bilməyəcəklər”.
Politoloq bildirib ki, əslində Azərbaycan torpaqlarını Ermənistan təkbaşına işğal edə bilməzdi. Yalnız xarici havadarlarının fitvası və dəstəyi ilə onlar Azərbaycanın əzəli torpaqlarını işğal ediblər. Sovet İttifaqı dağıldıqdan sonra Ermənistanda yenidən ərazi iddiaları baş qaldırdı. Ermənistana bu məsələdə xarici qüvvələr dəstək verdi. Quram Merxuliya deyib: “Bu gün xarici dövlətlərin əlində təzyiq vasitəsinə çevrilən Ermənistan əslində özünü pis vəziyyətdə qoyub. Baxın, bu bölgədə Azərbaycan da, Gürcüstan da işğaldan əziyyət çəkən ölkələrdir. Bununla belə, hər iki ölkə inkişaf edir. Birgə regional və qlobal layihələrdə iştirak edirlər. Bizimlə müqayisədə Azərbaycan daha çox inkişaf edib. Ermənistan dövləti isə özünü hər şeydən məhrum edib. Düşünürəm ki, bu da uzun sürməyəcək. Tezliklə Ermənistan geri çəkiləcək və işğal etdiyi torpaqları azad edəcək. Onlar uduzduqlarını nə qədər tez başa düşsələr bir o qədər də onlara xeyirdir. Bölgədə işğala mütləq son qoyulacaq. Bu gün uzaqda deyil”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi