DÜNYA
Populyar müğənni Ar Kelli polisə təslim olub
Vaşinqton, 23 fevral, AZƏRTAC
Dünyada daha çox 1990-cı illərdə oxuduğu “I Believe I Can Flу" (“Mən inanıram ki, uça bilərəm”) mahnısı ilə tanınan populyar Amerika müğənnisi Ar Kelli Çikaqoda polisə təslim olub.
AZƏRTAC xəbər verir ki, “Chicago Sun Times” qəzetində müğənninin əllərinə qandal vurulmuş vəziyyətdə fotosu dərc olunub. Çikaqo polisinin mətbuat katibi Entoni Quqliemi bildirib ki, müttəhim şənbə günü məhkəmə qarşısında duracaq. Girovun məbləği də elə orada təyin ediləcək.
52 yaşlı müğənni və prodüser cəzanı ağırlaşdırıcı hallarda seksual xarakterli 10 zorakılıqda, o cümlədən 13-16 yaşlı yeniyetmələrə qarşı seksual xarakterli hərəkətlərdə ittiham olunur. Şəhər prokurorluğundan bildiriblər ki, Ar Kelli bu cinayətləri 1998-2010-cu illər dövründə törədib. Ar Kelli təqsirli bilinsə, onu hər bir ittiham üzrə üç ildən yeddi ilədək həbs cəzası gözləyir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşqinton