CƏMİYYƏT
Portuqaliya BMT-nin okean konfransına ev sahibliyi edəcək
Lissabon, 14 may, AZƏRTAC
İyunun 27-dən iyulun 1-dək Lissabonda Keniya və Portuqaliya hökumətlərinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) okean konfransı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konfrans dünya okeanlarının davamlı idarə olunması, o cümlədən suyun çirklənməsi, qeyri-qanuni balıq ovu, təbii yaşayış yerlərinin və biomüxtəlifliyin itirilməsi ilə mübarizə üçün elmə əsaslanan innovativ həllərin qəbuluna təkan vermək niyyətindədir.
Yer səthinin 70 faizindən çoxunu əhatə edən və dünyadakı bütün canlıların 80 faizinə ev sahibliyi edən okeanlar insan fəaliyyətinin görünməmiş təhlükələri ilə üz-üzədir və təcili tədbirlər görülməlidir.
Artıq 8818 təşkilatın, 21 dövlət və hökumət başçısının akkreditə olunduğu Lissabon konfransının açılışında BMT-nin Baş katibi Antoniu Quterreş də iştirak edəcək.
Portuqaliya hökuməti ümid edir ki, BMT-nin okean konfransı dəniz həyatının müdafiəsi üçün qəti bəyannamə qəbul edəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon