İDMAN
Praqada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
Praqa, 12 may, AZƏRTAC
Praqa şəhərində Azərbaycanın Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı və “City Building” şirkətinin sponsorluğu ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş həvəskarlar arasında beşinci ənənəvi beynəlxalq şahmat turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə Çexiya, Slovakiya, Ukrayna, Azərbaycan və digər ölkələrdən olan həvəskar şahmatçılar iştirak ediblər.
Turnirin açılışında ölkəmizin Çex Respublikasındakı müvəqqəti işlər vəkili Etibar Abdullayev çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev sözügedən turnirin əsasının Çexiyada səfir kimi fəaliyyət göstərdiyi dövrdə qoyulduğunu və mütəmadi şəkildə keçirildiyini, habelə bu ənənənin artıq uzun illər davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Turnirdə hakim qismində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) nümayəndəsi Aleksey Şimeçek iştirak edib. Turnirin keçirildiyi salonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş kitab və jurnallar təqdim olunub. Turnirin sonunda qaliblər müvafiq medal və hədiyyələrlə təltif ediliblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa