RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib YENİLƏNİB VİDEO

Bakı, 7 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olur. Şagirdlərin təxminən yarısı ikinci növbədə dərsə gəlirdi. Böyük sıxlıq var idi. Yeni korpus bu problemi aradan qaldıracaq.

Dördmərtəbəli yeni korpus 840 şagird yerlikdir. Burada kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, hərbi kabinet, kitabxana, oxu zalı və yardımçı otaqlar var. Bütün otaqlar elektron vasitələrlə və proyektorlarla təchiz olunub.

Məktəbin şagirdləri də uğurları ilə fərqlənirlər. Onlar Rumıniyada, Türkiyədə keçirilən müsabiqələrin qalibləri olublar.

Təhsil ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev məktəbin direktoru Aygün Əzizovaya dedi:

-Şagirdlərə və valideynlərə mənim salamımı çatdırın.

Prezident İlham Əliyevin 251 nömrəli məktəblə tanışlığı təkcə təhsil ocağının kollektivi üçün deyil, ətrafda yaşayan sakinlər üçün də yaddaqalan oldu. Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından dövlətimizin başçısını salamladılar.

Beləliklə, növbəti məktəbin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin