SİYASƏT
Prezidentlərin üçtərəfli Zirvə görüşü ölkələrimiz arasında əməkdaşlığı daha da dərinləşdirir
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü çox böyük əhəmiyyət daşıyan görüşdür. Tehranda keçirilən ikinci görüşdə geosiyasi və iqtisadi məsələlər müzakirə olundu, bir çox razılıqlar əldə edildi. Azərbaycanın coğrafi baxımdan əlverişli ərazidə yerləşməsi ölkəmizin rolunun daha da yüksək olduğunu göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Aydın Hüseynov bildirib ki, üçtərəfli görüş yüksək səviyyəli əməkdaşlığın perspektivlərinə müsbət təsir edəcək. Dövlətimizin başçısı İlham Əliyev Bakıda keçirilən ilk görüşün nəticələrinin üçtərəfli əməkdaşlığın dərinləşməsinə xidmət etdiyini vurğuladı.
Tehranda baş tutan görüş də hər üç ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu görüşdə önəmli məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparıldı. Azərbaycanın gələcəkdə hər iki ölkə ilə logistik nəqliyyat dəhlizlərinin olması, dəniz vasitəsilə əlaqələrinin mövcudluğu iqtisadi baxımdan əhəmiyyətlidir. Görüşdə bu kimi mühüm məsələlər ətrafında danışıqlar aparıldı. Digər tərəfdən, Azərbaycan dünya bazarına karbohidrogen ehtiyatlarını çıxaran ölkələrdəndir. Bu baxımdan da əməkdaşlığın müsbət nəticələri özünü göstərəcək.
“Görüşdə “Şimal-Cənub” nəqliyyat dəhlizinin gələcəkdə hər üç ölkənin iqtisadiyyatında mühüm rol oynayacağı vurğulandı, bu dəhliz vasitəsilə yükdaşımaların həyata keçirilməsinin əhəmiyyətinə toxunuldu. Bu da onu göstərir ki, hər üç ölkə prezidentinin görüşü həm böyük bir qarantiya olacaq, həm də iqtisadi baxımdan çox sərfəli olacaq. Azərbaycan hər iki ölkə arasında quru sərhədinə malik olan bölgədə yerləşir. Burada ölkəmizin üstünlüyünün olması çox əhəmiyyətlidir. Çünki Azərbaycan gələcəkdə bir çox layihələrdə bu baxımdan önəmli rol oynayacaq”, - deyə A.Hüseynov vurğulayıb.