ELM VƏ TƏHSİL
Professor Əhəd Canəhmədovun “Kainatın dərki” fəlsəfi traktatı nəşr olunub
Bakı, 22 oktyabr, AZƏRTAC
Tanınmış Azərbaycan alimi, texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri, Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının üzvü Əhəd Canəhmədovun “Kainatın dərki” elmi-populyar fəlsəfi traktatı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, əsərin elmi redaktoru və “Ön söz”ünün müəllifi Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, SSRİ və Rusiya Federasiyası (RF) Dövlət mükafatları laureatı, RF Hökumətinin 5 mükafat laureatı akademik Boris Qusevdir.
Əhəd Canəhmədov bir sıra xarici ölkələrin akademiyalarının həqiqi üzvüdür, 30 monoqrafiyanın, 3 elmi kəşfin və dünyanın müxtəlif ölkələrində dərc olunan 450 elmi məqalənin və patentin müəllifi və həmmüəllifidir. O, geniş kütlə ilə ünsiyyət quran hər kəs üçün həm alim, həm də müəllim kimi nümunədir.
Traktatın üz qabığında müəllif və onun kitabı ilə bağlı xarici alimlərin fikirləri öz əksini tapıb.
Alimə ən çox populyarlıq qazandıran onun məkan, zaman və dünyanın dərki haqqında “Mühəndislik fəlsəfəsi” elmi-fəlsəfi traktatı olub.
“Kainatın dərki” tanınmış alim və elm təbliğatçısı Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” seriyasından olan növbəti kitabıdır. Müəllif oxucuya anlaşıqlı və əyani şəkildə yaşadığımız dünyanın fiziki quruluşu haqqında fikirlərini ortaya qoyaraq, ətraf aləmin mühəndislik fəlsəfəsi nöqteyi-nəzərindən dərki sahəsində son tədqiqatların nəticələrini oxucuya təqdim edir. Bu kitab təbiət elmləri sahəsindəki biliklərin gündəlik həyatımızda necə tətbiq olunmasından bəhs edir və ecazkar planetimizdəki həyatın mənşəyi və inkişaf tarixi, həmçinin mineralların əmələgəlmə tarixini bir-birinə bağlayır. Mineralların təkamülü nəzəriyyəsi və digər son tədqiqatlara əsaslanan bu traktatın müəllifi Yer üzündəki həyatda baş verə biləcək dəyişiklikləri proqnozlaşdıraraq gələcəyə baxmağa çalışır.
Bu traktat “biz kimik”, “gələcək növümüzü hansı mübarizə gözləyir”, “kainatın dərk olunmasında informasiyanın rolu nədir və həyatın məqsəd və mənası nədir” kimi suallara cavab axtaranlar üçündür.
Kitab kainatımızın quruluşu ilə maraqlanan, elm və idrakın keçdiyi yolu anlayan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.